Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

SƏBRİ ÖMRÜNDƏN UZUN

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Əkbər QOŞALI

 ...
 “Olum, ya ölüm” dilemması yoxdur, “olum, ya ölüm” hökmü var əslində! Çünki

“Tanrı ölüm hökmü kəsib,
doğulmaq günahımıza” (Salam).

 Zatən

 “Ömrümüzdə iki dəfə
 gözümüzə işıq gəldi:
 anamızdan olmuşuq
                         bir,
 bir də ki, ruh çıxıb getdi”.

 “Olum”, “ölüm” ...və bu iki məqam (qapı) arasındakı yol –“Ömür” bir gerçəklik və yaşam məhkumluğudur. O Ömür ki, “duayla göz yaşı arası”dır. Ömür ki, Hamlet onu yazılı bir kitab bilib, üzünü köçürmək istəyirdi. O Hamlet ki, 31 illik ömründən 31 şeirlik “Ağ çadır” və “Ağ çadır” eşqi bəxş etdi onsuz qalanlara. “Ağ çadır” Dədəm Qorquddan Hamletədək bu qədər təsirli mövzu olmamışdı elə bil... Əli qaşının üstə günəşə sarı boylanan şair təkcə “üstünə gün düşən çadır”ı - “Ağ çadır”ı axtarmırdı, o sanki Oğuzun öləziyən mənəvi energetikasını bərpa etmək, ruhumzu dirçəltmək istəyirdi.

***
Mənim dostluq dünyamın ən əziz həqiqətiydi Hamlet Kazımoğlu! Yaşasaydı bu kitab onun özünün iştirakı ilə keçirəcəyimiz 40 illik yubileyi münasibəti ilə hazırlanmış olacaqdı və də “Nakam şairin şeirlər kitabı” adlanmayacaqdı... (Görəsən şair ikinci kitabına nə ad verəcəkdi?)

“Dörd yanım, dörd yanım adamla dolu.
İlahi, nə varmış adam olmağa” (Səhər)

pıçıldayıb, “qara çadırın adamlarına qarışmışıq” yazan Hamlet, yenə öz təbirincə desək, köhnəlib getdiyini düşünür, təzələnmək istəyirdi. Həm də necə? – “Sizə gəlmək istəyirəm” şeirini mənə ilk oxuduğunda olduğu kimi “qayıdıb bir qız bətninə” təzə gəlmək isəmirdi. – O elə bil alın yazısına düzəliş edirmiş kimi, kitabını çapa verərkən

Geriyə dönüb bu ömrü
Təzə gəlmək istəyirəm

diləyini dilə gətirdi. Bəlkə ona görə ki, şairin

“Mənə halallıq ver, sevirəm səni,
daha bu sevgini götürüb gedim.
Adam sevdiyinə borclu qalırmış
Bəs bu borcu nəylə bitirib gedim?”
 
sualı və o suala özü tərəfindən verilmiş cavabı vardı:

Nə bilim könlümü şum kimi əkdim,
gördüm həsrətimin boyu dik çıxdı.
Düşündüm yolunu sənə çatmağın
ağlımın içindən dəlilik çıxdı.

 
***

Hamlet “Səbrim ömrümdən uzundu” deyirdi. Deyirdi “Yaşamağın dadını gördüm, yolunu tapmadım”

1997-ci ildən Rusiyada yaşayan  Hamletlə sonuncu telefon söhbətimizdə o başa düşülməmək dərdindən danışdı. Dərdi nə qədər ürəyinə salsa da mənə də pay saxlayırdı. Bilirdim onun üçün çətindi Rusiyada yaşamaq, bilirdim, amma bu onun taleyi idi.
Onunla sonuncu dəfə telefon danışığımız gecədən xeyli keçmiş baş tutdu. “İlahi, İlahi, Tanrım” (V.B.Önər) bir də mənə saatın həmin məqamında zəng qismət eləmə. Çünki “aldada bilmirəm özümü daha” (V.İsaqoğlu) və bilirəm, o daha zəng etməyəcək, heç bir zəng edən o olmayacaq.
(Hamleti bir də nə vaxt YETİRƏRSƏN, İlahi?! )
Ona xitabən “Sən gəlmişdin keçmiş adlı nağıldan” (H.Şəmi) deyən də düz deyir. O özü etiraf etmirdimi:

…Bir dəfə yaşamışam,
gör yaddaşınmda nələr var,
Çəkir məni o ilk yuvam—
qaranlıq daş mağaralar
İstərəm dönüb ən qədim insanlar olaq,
Qədimdə yaşamağın mən bilirəm dadını,
  yar…

***

…Borçalı. Faxralı köyü. İbrət bağçası qəbirstanlıq. Hələ “il”i tamam olmamış atasının tək qalmasına qıymayan Hamlet uyuyur orda. “Tanrım, Tanım, İlahi” ona niyə hələ 4-5 il öncədən

Orda mənim qəbrim bunu bir haqq san

dedirtmişdin?!.
Orda danışmaqdan çox düşünməyi xoşlayan, ürəyi sirr yuvası cavan – məni bir dost kimi bəlkə də hamıdan çox istəyən, mənim isə “bəlkə”siz hamıdan çox istədiyim şair Hamlet dəfn olunub. Mən onun gözünü yumulu gördüm, dostlar. Onun “Gəlib mən ölmüşə bir sən də baxsan” sözünü tutmaq yazılıbmış alnıma…
O məni tək qoydu, - “qara çadırın adamları” içində. Özü isə “yenidən ağ çadırda yaşamaq ümidi ilə” getdi.

 ----------------------

 Hamlet KAZIMOĞLU 

***

Gəzəndə sahili bir qürub çağı
Qanıydı Günəşin üfüq yatağı,
Pıçıldadı birdən, əsdi dodağı
Sevgilim anamtək yalvardı mənə.*

Bu görüş anında həsrət olmadı,
Ayrı söz olmadı, söhbət olmadı,
Mənə yalvarmaqdan heç o doymadı
Sevgilim anamtək yalvardı mənə.

Mənə yalvarmağa gəlmişdi, nədi,
Doğacaq oğlumu bilmişdi, nədi?
Yoxsa daha anam ölmüşdü, nədi, -
Sevgilim anamtək yalvardı mənə.

…Mənmi  tələsmişdim tez doğulmağa,
Omu gecikmişdi ana olmağa?
Qayıtdım bir bətnə mən yığılmağa
Sevgilim anamtək yalvardı mənə

* burada: sevgilim məni anamtək oxşadı, boyumu sevdi, nəvaziş göstərdi, dil tökdü anlamında

ÜZÜNDƏ
GÖZƏLLİK QAYMAQLAYACAQ

Könlümüzdə dilə gəlməz sevgi var
Susacağıq illər boyu, deyəsən.
Nə vaxtsa dünyada ikimiz qalsaq,
Bir axşam qapımı gəlib döyəsən.

Döyəsən qapımı... açıb görəm ki,
Yüz illər qabaqca gördüyüm sənsən.
Bütün sevdiklərim arada qalsın,
İlk dəfə, son dəfə sevdiyim sənsən.

Ötən illər səni dəyişməyəcək,
Nəyin varsa elə, elə qalacaq.
Uzağı, uzağı, ey gözəl, sənin
Üzündə gözəllik qaymaqlayacaq.
                            BAKI

***
   T.üçün

Uzun ayrılıqdan sonra
Sehr dolu
uzaq bir gecənin zülmətindən
Bu zülmətdə
boğulurmuş kimi
Səsləsən məni
sənin arxanca qaçaram,
sənin arxanca uçaram
Qorumaq istərəm
səni şərlərdən
Aparmaq istərəm
şəhərlərdən
Uzaq kəndlərə…

***

…Bəlkə də
başqa cür
sevə
bilməzdim,
yaxşı ki,
sən
elə
qız şəklindəsən.
               Bakı ş.


***

…O yatıb içinə girdiyin yuxu,
ömründə əksidir bir heçin, qadın.
Sənə düşməyəcək gördüyün yuxu,
görə bilmədiyin yuxun çin, qadın.

Üzükdən qapım var, barmağın dəyər,
döyüb bu qapını yormağın dəyər,
Uçmaq sevincinə
                      qonmağın dəyər,
əllərin əlimdə göyərçin, qadın.

Getsən də həsrətin bir sərt dayaqdı,
ölməyib qalaram, şərt - yaşamaqdı.
Sevgim göyə çıxıb,
                          dedilər, haqdı,
söylə qalarsanmı mənimçün, qadın?!.

 

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Hafiz Hacxalil, 28 Aprel, 2010 03:33:04
    Əlavə şərhə və sözə ehtiyac yoxdur. Ruhu şad olsun və qarışıq yuxularından özünə ümid toxuyanlar içi mən qarışıq bu gün bir nəğmə oxuyur: "Getsəm bu şəhərdən geri dönmərəm."

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az