Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

AKİF SƏMƏD

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 

 

 

 

 

 

 

 HƏMİŞƏ TƏZƏ ŞEİRLƏR

 ***
 A bəxtəvər, elə bilmə
 Yadam mən Akif Səmədə.
 Dərd ha deyil, düşmür çiçək
 Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən  Akif  Səmədə.

***
Sən kövrəlmə, ay atam,
Dözümə yol gedirəm.
Nə vaxtdı itib-batan
Izimə yol gedirəm.

Yanmaq yaraşır ömrə,
Qulam Allahdan əmrə.
Nəsimi, Yunus Əmrə
Sözümə yol gedirəm.

Daşda  bitən  kolmuşam,
Öz-özümü yolmuşam.
Özümdən yol almışam,
Özümə yol gedirəm.

***
Gedəsiydim bu şəhərdən vaxtında ,
Ürəyimi bada verdim, getmədim.
Arzuların qanadında uçurdum,
Qanadları oda verdim, getmədim.

Üzə durdum, qürbət eldə ölmədim,
Ölmədimsə, ürəkdən də gülmədim.
Işıq gələn div eviymiş, bilmədim,
Səs gələnə səda verdim, getmədim.

Ayrılıqmı,  aydınlıqmı qoxur dan?
“Dilqəmi”mi, “Ruhani”mi  oxur dan?
Məndən ötrü göz yaşları axıdan,
Yurd yerini yada verdim, getmədim.

***
Ürəyin dərd bilmir, pərdəyə dəymə,
Sənə oyuncaqdı dünyası yanmaq.
Əsli heykəlini dərd əyər, dəymə,
Hər kəsə qismətmi düyməsi yanmaq?

Xatirə göynətmə, illərə dəymə,
Qor olar altında küllərə dəymə.
Bağrı şan-şan olan güllərə dəymə,
Gül səsi—göz yaşı, ney səsi—yanmaq.

Uçuq  qəbir  üstdə  bir  qız  ağlayır,
Ağlayıb, oxşayıb yalqız ağlayır.
Qatardan üzülüb bir naz ağlayır,
Asanmı  Akiftək  kimsəsi  yanmaq.

***
Qəlbində baş əyir ulu sevgiyə,
Baxma ki, özünü əyməz bu dünya.
Məcnunun gözündə özü də bilir,
Leylinin telinə dəyməz bu dünya.

Eşitməz batanın hay-harayını,
Dəniz harayını, çay harayını.
Uçurar, toz eylər xan sarayını,
Kərəmin külünə qıymaz bu dünya.

Çox da ki, şimşəklər haqqa şığıdı,
Bu qanlar, qadalar haqq yaraşığıdı.
Akifə oxşayıb, haqq aşığıdı,
Ulu  sevgiləri söyməz bu dünya.

***
Düşmən nədi, yağı kimdi?
Dad-aman dostlar əlindən.
Dizə gəldi, neçə-neçə
Ataman dostlar əlindən.

Nədi əlacım, nə edim?
Neçə yol sözümü yedim.
Şikayətə durum gedim?
Yada mən dostlar əlindən!

Rəngləri var— ağ, alaca,
Boz, sarıca, tünd qaraca.
Tikəmmədim bir balaca
Oda mən dostlar əlindən.

Neçəsinə könül verdim,
Hər salamdan artdı dərdim.
Ay... nə qədər çəkdim, gördüm
Qada mən dostlar əlindən.

Qəbrimdə otlar bitəcək,
Xığırım otda itəcək.
Ya budu dostlar gedəcək,
Ya da mən dostlar əlindən.

İncənin yolları

Binələri əldən çıxdı,
Endi İncənin yolları.
Bir gümüşü simə döndü,
Dindi İncənin yolları.

Neçə kəhərlər nal salıb,
Neçə igidlər ad alıb.
At səsinə həsrət qalıb
Indi İncənin yolları.

Dağ övladı kür olarmış,
O kürlükdə sirr olarmış.
Qala yolu bir olarmış,
Mindi İncənin yolları.

Dağlar, dərələr yaşıdı,
Tapdandı, gənə yaşadı.
Allah, şəhərə daşıdı
Kəndi İncənin yolları.

 

 

 

 



Yorumunuz comment Şərhlərə görə (5 göndərilib)

  • Yerləşdirilib Şahinə Könül, 06 May, 2010 02:21:46
    Çox sağ olun, Hafiz bəy! Nə minnətdarlıq, bu mənim və mənə elə gəlir ki, hər birimizin müqəddəs ədəbi borcumuzdur! Biz BÖYÜK TÜRKÜN müqəddəs türkülərini sevməsək, duymasaq, yaymasaq bizi kimsə sevməz! (Bilməyən nə bilər bizi, Bilənlərə salam olsun!)
  • Yerləşdirilib Hafiz Hacxalil, 04 May, 2010 05:01:59
    Şahinə xanım. Belə gözəl,savab iş gördüyünüz üçün sizə minnətdaram. Allah sizdən razı olsun. Akif Səmədin şeirləri sazdan, ilahi işıqdan maya tutan və türkün müqəddəs döyüşlərinə bizimlə birgə gedən ulu bir Bozqurdun dünyanın qulağına "Dilqəmi" üstündə pışıldadığı türkülərdir. Var olasan!
  • Yerləşdirilib Şahinə Könül, 03 May, 2010 01:32:40
    AKİF SƏMƏD-RUHUMUZUN ŞAİRİ, DƏRVİŞİ, OZANI! Bütöv TÜRK dünyasının VƏTƏNDAŞI-AKİF SƏMƏD! Bizim özümüz,SÖZÜMÜZ-AKİF SƏMƏD! Dostum, gedər olsam,mən sizdən gedirəm.Dərbənddən,Tiflisdən,Təbrizdən gedirəm-deyən 3 infarkt sahibi AKİF SƏMƏD! RUHUMUZA böyük xidmətlər göstərən ƏKBƏR bəyə dərin minnətdarlığımı bildirirəm! AKİF SƏMƏDİN şeirlərinə şərh yazdıqları üçün Hafiz Hacxalıla və Ramin Qasıma da özümün və bütün Qazax mahalının minnətdarlığını bildirirəm!Çox sağ olun! Çox xoşbəxtəm ki, AKİF SƏMƏDİN şeirlərini ƏKBƏR bəyə göndərdim və bu saytda yerləşdirilməsinə səbəbkar oldum.Bir daha ƏKBƏR bəyə təşəkkürlər!!!
  • Yerləşdirilib Hafiz Hacxalil, 29 Aprel, 2010 09:09:55
    Ruhun şad olsun ustad. Sən Azərbaycan şeirinin ağ üzüsən. Sən həmişə bizimləsən.
  • Yerləşdirilib Ramin Qasım, 29 Aprel, 2010 05:55:50
    Allah sənə rəhmət eləsin Akif Səməd.Ruhunu,ömrünü verdiyin şerlər səndən sonra da bizləri saflığa,əyilməzliyə,"böyük olmağa"səsləyəcək.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az