Bilal ALARLI
DƏRD YAĞIŞLARI
Niyə susursan, külək?
Payız havasına qanad açanların
sümükləri nə tez sındı?
Yarpaqların ağısı
torpağın sinəsini dağlayır.
Yaxa döyənlər
sinə açmır
ölən məhəbbətə…
* * *
Sevincin göz yaşlarıydım,
pəncərənizi döyən
dərd yağışları islatdı məni.
Ömrüm göz yaşının
ömrü qədərdi.
Məni qurumağa qoyma…
* * *
Gizli ömrümü
bağışladığım adamlar
başdaşımı qədir ağacı bildilər.
Orda yazılmışdı:
«Mən sizin üçün yaşadığımı
özümdən gizlətdim».
* * *
Xatirələr ölmür.
Torpaq eşqiylə yaşayanları
payız küləyi
ayaqlara tökür
saralda-saralda.
Ovxarlanmış həsrətin tiyəsi
havanı kəsir
gözəl qızın baxışları tək
aramızda.
Bir eşqin qiyməti başlayır -
dirilirik
ruhumuzun üstünə damcılayan
göz yaşları altda.
* * *
Ürəklər soyuyanda
məhəbbətin qış fəsli başlayır.
İsti sözlərin qaladığı adamlar
tüstüsüz yanır…
Əllərində kimin odu çıxıb?
Ovxalayırsan ki,
yad baxışların
közündən qorunursan?!
* * *
Baxışlar aldanırsa,
ürək səhv edir.
Göz yaşlarınla
kimin günahını yuyursan belə?
Bu gün yaşadıqlarını
sabahın xatirəsindən
nə ilə siləcəksən?
Fikrin üzdüyü adam
keçmişini unuda bilmir.
Özünü unutmaq
belə asandır?
* * *
Yuxularımda gördüyüm adam
yuxusuzdur.
Bəs çin olan nədir?
* * *
Öləcəyini
yad adam kimi
səndən gizlədilər.
Sən bunu bilə-bilə öldün.
Kimin acığına yaşayırdın?
* * *
Sənə yazılan şeirləri oxumursan.
Yəni belə çoxdur?
Şeiri demirəm,
şeir yazanları deyirəm…
* * *
Səndə daha
söz qoşmalı yer qalmayıb;
ayağının tozunacan
sözün içindəsən.
Bilirsən, hansı sözün acısıyam?
Onu hələ deməmişəm.
* * *
Dilimi dişlədim ki, deməyim.
Əlimi kəsdim ki, yazmayım.
Özümə qəsd etdiyimi
Hardan bildin?
Susmağım sənə nə öyrətdi ki?..
Belə susmazlar!
* * *
Sən onu qəlbində öldürmədin.
Onun qəlbində ölməyə can atdın.
Bu, qisas idi?
***
Səni xoş sözüm öldürdü.
Diri saxlasaydım,
Məni öldürərdin.
Diri balıq əldə qalmır…
* * *
Mənim nəğməmi
oxuya bilmirsən.
Sən kökdən düşmüş
ürəksən.
Havama uçmursan,
havalanırsan…
* * *
Gözlərini oxuyardım.
İndi gizlədirsən.
Niyə?
Oxumalı bir şey qalmayıb?
* * *
Bakıya yaz gəlir
göydələn tumurcuqları ilə;
bir azdan çiçəkləyəcək
havasızlığa.
* * *
Nekroloqumun altında
imzan olmayacaq.
Adının yeri boş qalıb
Həkir-Münkərin
təhvil-təslim aktında.
Sən məndən qabaq öldün,
Sən öldün… vaxtında.
* * *
Arzularını cehiz aparan qızın
altıaylıq körpə fikirləri
gündən-günə böyüyür.
Ayaqlarını mühəccərdən sallayan,
dərdlərini
baxışlarına bələyəib yelləyən
xatirələr
gözünü döyür
boşluqlara.
Salamın hanı,
ömrün dalanı?
* * *
Dodaqlarında fincanın
şirin öpüşləri,
qurtum-qurtum içirsən
baxışlarımın əksini -
sudur deyə.
Soyuq təbəssümün dəyərmi
İsti-isti öpülməyə?..
* * *
Quş qripinə yoluxmuş hava
ciyərlərimizdə
laborator müayinədən keçir
öskürə-öskürə.
Burnunun suyu axa-axa
hər yerə soxulur
şayiələr
ölmək istəməyənlərin acığına.
* * *
Öpüşlərin avans imiş
bahalı auksionda
ucuz ömrümü
aşağı faizlə
almağa.
...
* * *
Hisə verilmiş balıq
istiyə dözür.
İndi mən neyləyim?
Diri fikirlərimi
Hisə verim ki,
İyləməsin?
* * *
Kişilər nida işarəsidir,
qadınlar yolayrıcı
trasslarda və dalanlarda.
Bir sevişmənin ömrü bəs elədi
sevə-sevə iyrənməyə.
Bilirsən, kəbin idarəsinə
nə üçün gedir adamlar? -
Eyni pillələri enib
eyni yerə zibil atmağı
öyrənməyə!
* * *
Hər kəsin çölü
içindən gözəl olur.
Hər kəsin çölü
çöldəkilər üçündür,
içindəki özünündür -
hər kəsin
içindəki özüdür.
* * *
Qanımızı yalaya-yalaya
dodaqlarını qızardır həya.
* * *
Parıltımızın arxasında
cod bağlamış
kirli həyat durur:
hər gün yağlı əllərimizi
sildiyimiz ətəklər
ömrümüzdən gözəldir.
Hər kəsin övladı
burnundan düşür;
qadınlar kişilər üçün doğmur,
qadınlar ana olmaq üçün doğur.
* * *
Qadınlar
tiyəsi itilənmiş
cəllad baltasıdır
kişilərin boynunda;
kəsilən qeyrətin ağrısı
düşmən gülləsinin açdığı
yara böyüklükdə olur.
* * *
Ağ varağın dərdi ağdır.
* * *
Kişilər topuğundan vurulur;
Axilles ağrısı çəkə-çəkə
qadın baxışları altında
can verir məhəbbətə.
Qadınlar ürəyindən vurulur;
sonra ürək olmur onlarda
boş qəbirlərdən
üz döndərməyə -
ömürləri boyu
qəbir qazırlar
işığa çıxmağa.
* * *
Məndən keçə-keçə
Qapı açmağımı istəyirsən
üzünə.
Elə bilirsən,
içrəidə gizli bir otağım var?
* * *
Üzün olmasın,
sənə arxadan çox baxırlar.
harana həsəd aparırlar?
* * *
Həyat kiməsə bənzəmək üçündür.
Özün olmaq üçün
ölməlisən.
* * *
Yol cırıldayır
ayaqqabılarını öpə-öpə;
Baxışlarım inildəyir
həsrətin çat verdiyi
anlarda.
Ayaqlayıb keçirsən
beynimi taqqıldada-taqqıldada.
Səndən sonra
maqniofon lenti kimi
təkrarlanır
cırıltılar,
iniltilər,
taqqıltılar…
Yata bilmərəm
səhərə qədər
tək qalanda.
* * *
Mənə möhlət ver, ürək,
görmədiyim gündən.
mənə möhlət ver, sənə
vermədiyim gündən.
* * *
Gündüzlər sönür
gözlərimin odu;
bəlkə gecələr
arzularımı işıqlandıran
uzaq ulduz kimi
baxmışam onlara?
* * *
Ümidlərin öldüyü məkanam,
məndən heç nə gözləmə.
Özüm bir naşı aşığam,
ömrüm -
sazın pərdələrinə yas tutan
həzin gözəlləmə.
Mən elə sən deyən
Sarı siməm,
Dəymə mənə -
Köklənmişəm öz dərdimə,
Toxunmağa dəymərəm.
* * *
Başımdan tüstü çıxır,
buğlanır, deyirlər.
Yavan dərdimi dəmə qoyuram,
yağlanır, deyirlər.
Mənə oxşama -
mənə oxşama deyirlər.
Səhər çin olan yuxumun
yozumunu axşama deyirlər.
Nə fəxrim fəxriyyə,
nə mədhim mədhiyyədir
ağızlarda.
Bu qara günlərə ha boylanıram,
Qaraltı görmürəm
ağ üzlərdə.
* * *
Əlləri üzülmüş
Ümidlərin içində
Ehtiyac kişnəyir.
...
* * *
Şəklinin arxasında
Adımı görürsənmi?
Baxışlarımdan utanma,
baxışlarım
fikrimin şəklidi -
saralıb
soyuq xatirəyə dönəcəyi günü
gözləyə-gözləyə.
* * *
Yatıb yuxuya qalmış
günlərimin acığına
çilə çıxarıram gecələr.
Son sözun odunu
siqaret kötüyü kimi
kağızın üstündə
söndürüb dururam.
* * *
Sağ ol, Ürəyim,
bğışladığın ömrü
cibxərcliyi bilib
xırdaladım
ümidlərin bazarında
pullar dəyişəndə.
* * *
Söndürmə telefonu,
hsrətin zəngi uzun olur...
qış gecələrindən -
münasibətlərə
soyuqlar düşəndə.
İsti sözlərimi
dinləmək istəyirsənmi
ürəyin üşüyəndə?
* * *
Ən acı sözümü
iştahla udur
əlimin altındakı kağız.
Sözümü belə yeməzdim
özüm.
* * *
Dərdlərimin üstünə
gəlib çıxmadın vaxtında.
Üçümü ötürdün,
yeddimə çatdır özünü.
Demə, qırx var, il var;
kəfən yırtmağımı gözləmə.
Dərdlərdən biçilmiş don çürümür,
ömər çürüdür.







YENİLİKLƏR